İQTİSADİYYAT
Ucarda sosial-iqtisadi sahələrdə dinamik inkişaf davam edir
Ucar, 14 fevral (AZƏRTAC). Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində ötən il rayonun sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, hesabat məruzəsində və çıxışlarda görülmüş işlər əksini tapmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlara uyğun olaraq ötən il rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, maddi-rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Tikinti-abadlıq və quruculuq işləri xüsusilə geniş vüsət almışdır.
Dövlətimizin başçısının 2011-ci il 1 noyabr tarixli “Ucar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan ayrılan 2 milyon manat vəsait məhz bu sahədə xeyli əlavə işlərin görülməsinə imkan vermişdir. Ucar sakinlərinin minnətdarlıqla qarşıladığı bu Sərəncamla ayrılmış vəsaitin 1,3 milyon manatı şəhərdaxili yolların asfaltlaşdırılmasına, 0,7 milyon manatı ictimai yaşayış binalarının, habelə 22 fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsinə, Heydər Əliyev prospektində və 4 küçədə yerləşən ictimai binaların həyətinin abadlaşdırılmasına sərf olunmuşdur.
Ötən il Ucar şəhərində bayraq meydanının inşası başa çatdırılmış, Heydər Əliyev prospektində 250 nəfərlik mərasim evi tikilmiş, 50-dən artıq ticarət və xidmət obyekti istifadəyə verilmişdir. Şəhidlər xiyabanında təmir işləri aparılmış, küçə və səkilərdə yenidənqurma işləri həyata keçirilmişdir. Həmçinin rayonda yeni təhsil, səhiyyə obyektləri tikilib istifadəyə verilmiş, yeni daşıyıcı qaz kəmərləri çəkilmişdir.
Hesabat ilində rayon iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sektorda dinamik inkişaf təmin edilmişdir. Ötən il 11971 hektar taxıl sahəsindən 25679 ton, inişilkindən 961 ton çox taxıl götürülmüşdür. Taxıl, bostan-tərəvəz, pambıq istehsalı da 2011-ci illə müqayisədə nəzərəçarpacaq dərəcədə artmışdır.
Rayonda mal-qaranın baş sayı 1700 baş artaraq 112813 başa çatmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 833 baş iribuynuzlu heyvan süni yolla mayalandırılmış, 617 baş cins bala alınmışdır.
Azərbaycan Prezidentinin kənd təsərrüfatı məhsulları istehlakçılarına dövlət dəstəyi ilə bağlı Sərəncamına uyğun olaraq 7751 nəfər istehlakçıya 21825,4 hektar sahə üçün 873016 manat yardım verilmişdir.
Hesabat yığıncağında əhalinin elektrik enerjisi, içməli su və təbii qazla təminatı, rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərdən də ətraflı bəhs olunmuşdur.
Sosial-iqtisadi inkişafın yekunları geniş təhlil olunaraq göstərilmişdir ki, 2012-ci ildə rayonda ümumi məhsul buraxılışı 6,4 faiz, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının həcmi 8,8 faiz, tikinti-quraşdırma işlərinin həcmi 31,9 faiz, investisiya qoyuluşu 43,2 faiz artmışdır. Əhalinin pul gəliri 13,8 faiz çoxalmışdır. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 87 faiz təşkil etmişdir.
Ötən il rayonda 578 yeni iş yeri açılmışdır ki, bundan 494-ü daimidir.
Yığıncaqda, həmçinin cari ildə qarşıda duran vəzifələr barədə də ətraflı danışılmışdır. Vurğulanmışdır ki, ucarlılar həmişə olduğu kimi, bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək, ölkəmizin daha da çiçəklənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Elton Məmmədov hesabat yığıncağında çıxış etmişlər.