CƏMİYYƏT
Ucarda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Ucar rayonunun Bərgüşad kəndində yeni tikilən Ailə Sağlamlıq Mərkəzi (ASM) istifadəyə verilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, yeni istifadəyə verilən ASM-də ailə həkimi, stomatoloji və manipulyasiya kabinetləri, peyvənd otağı fəaliyyət göstərir.
ASM-də göstəriləcək tibbi xidmətlərdən 7 min sakini olan Bərgüşad kəndi ilə yanaşı, Bayman (2 min 500 nəfər) və Yuxarı Şilyan (3 min 500 nəfər) kənd sakinləri də yararlana biləcək.
Yaponiyanın Azərbaycandakı səfirliyinin “Ot kökü və insan təhlükəsizliyi” Qrant layihəsi çərçivəsində tikilən ASM-in təchizatı Ucar Rayon Mərkəzi Xəstəxanası tərəfindən həyata keçirilib.
Məntəqənin açılış mərasimində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin məsul əməkdaşları Pərviz Rüstəmbəyov, Rasim Tahirli, Ucar Rayon İcra Hakimiyyətinin başçısı, Ucar Rayon Mərkəzi Xəstəxanasının rəhbər şəxsləri iştirak ediblər.