DÜNYA
Ukrayna Rusiyaya uzaqmənzilli raketlərlə hücum etməmək üçün zəmanət verməyə hazırdır
Bakı, 3 fevral, AZƏRTAC
Ukrayna Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücum etməyəcəyinə zəmanət verməyə hazırdır. Ukraynanın müttəfiqləri ölkəyə uzaqmənzilli raketlər çatdırsalar, bu silahlarla Rusiya ərazisinə hücum olunmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib.
O, paytaxt Kiyevdə keçirilən Ukrayna-Avropa İttifaqı (Aİ) Komissiyasının iclasında müttəfiqlərin Ukrayna ordusuna silah yardımı məsələsini dəyərləndirib.
Ukrayna prezidenti Vladimir Zelenski və Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyenin iştirak etdiyi görüşdə çıxış edən A.Reznikov Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı olduğunu da söyləyib.
Rusiya ordusuna qarşı əks-hücum təşkil etmək üçün daha çox silaha ehtiyac olduğuna diqqət çəkən Ukraynanın müdafiə naziri deyib: “Ümid edirik ki, bu il əks-hücuma başlamaq və bu müharibəni Ukrayna və bütün azad dünyanın qələbəsi ilə bitirmək üçün fürsət olacaq”.
Rusiya ordusunu Ukraynada mülki infrastrukturlara hücumlar təşkil etməkdə ittiham edən A.Reznikov, müttəfiqlər tərəfindən göndəriləcək hava hücumundan müdafiə sistemlərinin ən qısa zamanda gəlməsinin hücumların qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.