Ukraynada Azərbaycan milli mətbəxi təqdim olunub VİDEO
İvano-Frankovsk, 6 may, AZƏRTAC
Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival çərçivəsində AZƏRTAC-ın və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət üzrə gənclər təşkilatının birgə təşkilatçılığı ilə ölkəmizin zəngin milli mətbəxi nümayiş etdirilib.
Xarici ölkələrin Ukraynadakı səfirlərinin, İvano-Frankovsk şəhər administrasiyasının rəhbərliyinin və yerli media və şəhər sakinlərinin iştirak etdiyi təqdimatda Azərbaycanın milli mətbəx nümunələri olan dolma, plov, qutab, paxlava, şərab və digər məhsullar təqdim olunub.
Təqdimatda çıxış edən Gürcüstanın Ukraynadakı səfiri Gela Dumbadze bildirib ki, Azərbaycanın çox zəngin milli mətbəxi mövcuddur. Azərbaycan xörəkləri plovu, dolması ilə tanınır. Səfir qeyd edib ki, Azərbaycan xörəkləri daha çox şərq mətbəxinə yaxındır.
Tədbirdə çıxış edən diaspor fəalı Xəyyam Həqiqətoğlu, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayət üzrə gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov bildiriblər ki, AZƏRTAC-la birgə təşkil olunan təqdimatın məqsədi Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini təbliğ etməkdir. Çünki Azərbaycan mədəniyyəti, mətbəxi dünyada məşhurdur. Xüsusilə Azərbaycan plovu və dolması ölkəmizin incisidir.
Təqdimatda, həmçinin Qarabağ, İrəvan xanlığı tarixinə, Azərbaycan xörəklərinə dair kitablar, İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı banner də nümayiş etdirilib.
Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin”, Müslüm Maqomayevin “Azərbaycan” musiqilərinin sədaları altında İvano-Frankovsk şəhərinin qonaqları və sakinləri ölkəmizin milli mətbəxini yüksək dəyərləndiriblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İvano-Frankovsk