CƏMİYYƏT
Ukraynada kamuflyaj, maskalanma, kikimorlar tikən könüllülər – soydaşlarımız yardımlarını davam etdirirlər
Kiyev, 22 noyabr, AZƏRTAC
Ukraynada müharibə başlayandan sonra ölkənin silahlı qüvvələrinə dəstək məqsədilə könüllülərin sayı artmaqdadır. Bu könüllülərin arasında qadınlar azlıq təşkil etmir və onların sırasında azərbaycanlı qadınlar da var.
AZƏRTAC xəbər verir ki, hələ 2014-cü ildə Ukrayna və Rusiya arasında yaranan hərbi qarşıdurma zamanı Ukrayna silahlı qüvvələri üçün kamuflyaj, maskalanma, kikimorlar və digər geyimlərin tikilişi ilə məşğul olan könüllülər mərkəzi yaranıb.
Nadejda Fursa, Valentina Fedorivskaya, Olqa Qavrilyak adlı qadınların 2014-cü ildə Kiyevdə yaratdığı mərkəz 2022-ci il fevralın 24-də başlanan müharibədən sonra fəaliyyətini daha da genişləndirib. Bu müddət ərzində könüllülər mərkəzində azərbaycanlı qadınlar da çalışıb. Eyni zamanda, soydaşlarımız bu mərkəzə yardımlarını davam etdirirlər.
“Bizim əsas problemimiz müvafiq parçaların, materialın tapılmasıdır. Bu işdə həm xeyirxah insanlarımız kömək edirlər, həm də dost ölkələr yardım göstərirlər. Polşa, Azərbaycan və digər ölkə vətəndaşları mərkəzi müvafiq materiallarla təmin ediblər. Yeri gəlmişkən, bu cür mərkəzlərdə çalışan əslən azərbaycanlı, lakin Ukrayna vətəndaşı olan qadınlar da var”, - deyə Valentina Fedorovska AZƏRTAC-a bildirib.
Nadejda Fursa isə bizimlə söhbətində qeyd edib ki, kamuflyaj, maskalanma, kikimorlar və digər geyimlərin rəngi fəsilə görə dəyişir. Hazırda qış fəsli olduğu üçün ağ rəngə daha çox üstünlük verilir. Bu mərkəz fevralın 24-dən, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 430 tor, 2014-cü ildən isə 3500 tor Ukrayna silahlı qüvvələrinə təhvil verilib. Bir tor 30 kvadratmetrdir.
Olqa Qavrilyak isə AZƏRTAC-a bildirib ki, mərkəzdə müxtəlif peşə sahibi olan qadınlar könüllü şəkildə öz əməklərini sərf edirlər. Hazırda mərkəzdə 20-dən çox qadın fəaliyyət göstərir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev