Ukraynada SOCAR-ın faydalı xidməti: benzindoldurma kompleksində aviareys cədvəlindən ibarət onlayn-lövhə
Kiyev, 16 noyabr (AZƏRTAC). Kiyevin çıxacağında, SOCAR-ın Borispol şosesində yerləşən benzindoldurma kompleksində belə komplekslər üçün qeyri-adi, lakin çox faydalı xidmət yaradılmışdır: “Borispol” beynəlxalq aeroportunun aviareys cədvəlini və reyslərin statuslarını əks etdirən onlayn-lövhə işə salınmışdır. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyindən məlumat vermişlər.
Onlayn-lövhəyə məlumatlar bilavasitə “Borispol” aeroportunun informasiya xidmətindən daxil olur ki, bu da SOCAR-ın benzindoldurma kompleksinə gələnlərin aviareyslərin statusu, təyyarələrin uçuş-enmə vaxtı, aeroportda terminal və qeydiyyat yeri barədə dəqiq və ətraflı məlumat almağa imkan verəcəkdir.
İndiyədək dünyanın heç bir benzindoldurma stansiyasında belə xidmət olmamışdır. SOCAR dünyada və Ukraynada ilk yanacaq şirkətidir ki, benzindoldurma məntəqəsində aeroport terminalı funksiyasını tətbiq etmişdir.
Bundan sonra “Borispol” aeroportuna gedən bütün şəxslər yolda SOCAR-ın benzindoldurma kompleksinə daxil olaraq aviareysqabağı gözləmə vaxtını rahat, sakit şəraitdə keçirəcək, aviareys cədvəlindəki dəyişikliklər barədə operativ məlumat əldə edə biləcəklər. “Buta kafe”də hər bir müştəri Wi-Fi, printer, noutbuk, mobil telefonların cərəyanla təmin edilməsi kimi zəruri xidmətlərdən pulsuz istifadə edəcək, yaxud bir fincan ətirli qəhvə içib, Azərbaycan milli mətbəxinin yeməklərindən dada biləcək, sonra isə gecikmədən, tələsmədən, beş dəqiqəyə “Borispol” aeroportuna çatacaqdır.
“SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov AZƏRTAC-ın müxbiri ilə müsahibəsində demişdir: “SOCAR-ın bütün benzindoldurma komplekslərində yanacağın yüksək keyfiyyətli olması, əlbəttə, dəfələrlə təsdiq olunmuş faktdır. Bizim məqsədimiz bundan sonra da müştərilərin istəklərini yerinə yetirmək, “rahatlıq vahələri” yaratmaq və benzindoldurma kompleksində xidmət sahəsində innovasiyaları tətbiq etməkdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev