Ukraynadakı soydaşlarımız Şuşaya köçün başlamasını qürurla qarşılayırlar
Kiyev, 15 may, AZƏRTAC
Azərbaycan dövləti, xalqı özünün şərəfli, layiqli tarixini yaşayır. İşğaldan azad olunan ərazilərimiz yenidən bərpa olunur, dirçəlir. Qarabağlılar öz yurd-yuvalarına dönürlər. Mədəniyyət incimiz Şuşa şəhəri də artıq ilk sakinlərini qəbul edib. Bu tarixi anları Ukraynada yaşayan soydaşlarımız da qürurla qeyd edirlər.
Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvü Faiq Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, dünyada yaşayan hər bir azərbaycanlı Şuşaya ilk köçün reallaşmasını qürur və sevinc hissi ilə qarşılayıb.
“Şuşa bizim baş tacımızdır. Şuşa dirçəlməklə biz sanki ikinci dəfə dünyaya gəldik. Mən Şuşaya ilk dəfə gedəndə, özümü sanki Məkkəyə daxil olmuş kimi hiss etdim. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olanlara Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə adını Azərbaycan tarixinə əbədi yazdı. Gələcək nəsil bu şərəfli tarixi heç vaxt unutmayacaq”, - deyə soydaşımız əlavə edib.
Ukraynadakı diaspor fəalımız Natiq Quliyev isə AZƏRTAC-a bildirib ki, Prezident İlham Əliyev mayın 10-da Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günündə şuşalılarla yanaşı, bütün xalqımıza tarixi gün yaşatdı. Şuşalılar 32 ildən sonra öz doğma yurd yerlərinə döndülər. Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi xalqımızın ləyaqətinin özünə qaytarılması və şanlı Zəfərimizin təntənəsi idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev