DÜNYA
Ukraynalı səfir: Türkiyə Ukrayna ilə Rusiya arasında fəal vasitəçi olmaqda davam edir
Kiyev, 16 sentyabr, AZƏRTAC
Türkiyə artıq 2022-2023-cü illərdə Taxıl Sazişinin həyata keçirilməsində mühüm təcrübə toplayıb, həmçinin Ukrayna tərəfinin, BMT-nin, Rusiyanın iştirakı ilə danışıqlarda, o cümlədən Ukraynadan birbaşa təchizat və ya yardım gözləyən Yaxın Şərq və Afrikanın alıcı ölkələri ilə əlaqələrdə böyük təcrübəyə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu “RBK-Ukraina” telekanalına müsahibəsində Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Vasili Bodnar deyib.
Diplomat qeyd edib ki, Türkiyə fəal vasitəçi olub və bu istiqamətdə fəaliyyətini davam etdirir. O vurğulayıb: “Bundan başqa, Türkiyə vasitəçilik səylərini institusionallaşdırır. Ölkənin Xarici İşlər Nazirliyində vasitəçilik üzrə müvafiq şöbə yaradılıb. Türkiyə təkcə Rusiya-Ukrayna müharibəsi deyil, bir çox münaqişələrin tənzimlənməsində iştirak etməyə çalışır. Müharibə əsirlərinin və ya girovların azad edilməsi ilə bağlı mövzuya gəlincə, çox səviyyəli dialoq davam edir”.
V.Bodnarın sözlərinə görə, bu gün Ukrayna öz mallarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Rumıniya, Bolqarıstan və Türkiyənin ərazi suları vasitəsilə ixracı üçün dəhliz yaradıb. O əlavə edib: “Bu dəhliz uğurla fəaliyyət göstərir, hətta taxıl dəhlizindən də yaxşıdır. Eyni zamanda, ixrac olunan məhsulların sığorta tarifləri hazırda kifayət qədər yüksək olaraq qalır. Beynəlxalq sular vasitəsilə birbaşa əlaqəni bərpa etmək Türkiyə tərəfinin maraqlarına uyğundur, çünki bu, şirkətlərin işinə və Türkiyə iqtisadiyyatına birbaşa təsir göstərir. Qara dənizdə daha təhlükəsiz gəmiçilik şəraitinin yaradılması məsələsi də aktualdır. Təbii ki, bu yanaşmalar bizim baxışımıza zidd deyil.
Bir vaxtlar hətta naviqasiya təhlükəsizliyi ilə bağlı ayrıca müqavilənin bağlanmasının mümkünlüyü barədə danışıqlar da aparılıb. Bu gün biz bu problemi Prezident Zelenskinin “Sülh formulu”nun 2-ci bəndi çərçivəsində həll etməkdən danışırıq. İndi biz də Ukraynada tam və ədalətli sülhün əldə edilməsinin tərkib elementlərindən biri kimi ərzaq təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyət planında əsas bəndlərdən biri olacaq bu məsələnin üzərində işləyirik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev