Ukraynanın Dnepropetrovsk vilayətində Azərbaycanın Zəfər Günü qeyd edilib
Bakı, 11 noyabr, AZƏRTAC
Ukraynanın Dnepropetrovsk vilayətinin Dnipro şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Dnepropetrovsk vilayəti Azərbaycanlıları Liqası”nın Milli-Mədəni Mərkəzində təşkil olunmuş tədbirdə diasporumuzun fəalları, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Liqanın nəzdindəki həftəsonu Azərbaycan məktəbi şagirdlərinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Liqanın sədri Sərxoş İsmayılov xalqımızı və dünya azərbaycanlılarını böyük bayram münasibətilə təbrik edib. İkinci Qarabağ müharibəsində Qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi, Azərbaycan Ordusunun fədakarlığı və qəhrəmanlığı sayəsində qazanıldığını xatırladan Liqa rəhbəri bildirib ki, 30 ilə yaxın müddət ərzində xalqımız və diasporumuz torpaqlarımızın işğaldan azad ediləcəyinə inamını itirmirdi. Liqanın nəzdindəki həftəsonu Azərbaycan məktəbinin 5 məzununun Vətən müharibəsində iştirak etdiyi diqqətə çatdırılıb.
Sonra həmin məzunlardan birinin - Vətən müharibəsinin qazisi, Şuşa, Ağdam, Füzuli, Xocavənd və Cəbrayılın azad olunmasına görə 5 medalla təltif olunmuş Nicat Məhərrəmovun soydaşlarımıza videomüraciəti təqdim olunub. Onun təbriki diaspor fəallarının alqışları, böyük coşqu ilə “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı!”, “Yaşasın müqəddəs Zəfərimiz!”, “Yaşasın Azərbaycan əsgəri və Azərbaycan Ordusu!” şüarlarını səsləndirmələri ilə müşayiət olunub.
Tədbir həftəsonu Azərbaycan məktəbinin müəllimi Yaqut Bəşirovanın yetirmələrinin nümayiş etdirdiyi ədəbi-bədii proqramla davam edib.