Ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafına böyük töhfələr verib
Masallı, 4 may, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətimizin inkişafına çalışıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Masallı şəhərindəki Gənclər Mərkəzində “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Masallı rayon Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli mənəvi irsini, adət-ənənəsini yad təzahürlərdən hifz edərək qoruyub saxlayıb, onu nəsildən-nəslə ötürüb.
Ulu Öndərin hər zaman gənclərimizi xalqımızın milli mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə etdiyini vurğulayan C.Manafov böyük rəhbərin bununla bağlı söylədiyi fikirləri diqqətə çatdırıb: “...Biz öz milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Konfransda Masallı Dövlət Regional Kollecinin müəllimi Nazim Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və digərləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin milli mənəvi dəyərlərimizə verdiyi töhfələrdən danışıblar.
Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.