Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib
Bakı, 8 may, AZƏRTAC
Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himnin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxış edərək Azərbaycan tarixinin 1960-cı illərin axırlarından başlayaraq otuz ildən artıq bir dövrünün Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edərək bildirib: “Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyətində həmişə Vətənimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində onun inkişafına xidmət edib, respublikamızın tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Dahi şəxsiyyət Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürərək ölkəmizi tarixin ağır və sərt sınaqlarından çıxararaq müstəqilliyinin möhkəmlənməsinə və işıqlı sabahı yolunda möhkəm bünövrə qoyulmasına nail olub”.
O, Ulu Öndər Heydər Əliyevin səhiyyə sistemi ilə yanaşı, gömrük sisteminin yaradılması və inkişafı sahəsində olan xidmətlərini xüsusi vurğulayaraq bu gün bütün sahələrdə təməli Ümummilli Lider tərəfindən qoyulmuş siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla və peşəkarlıqla davam etdirildiyini qeyd edib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Həmçinin tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Heydər Əliyev və gənclər siyasəti”, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova “Heydər Əliyev və gömrük xidməti”, Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov “Əliyev və Azərbaycan səhiyyəsi” və tibb bacısı Nigar Maqsudova “Heydər Əliyev və tibb bacısı məktəbinin inkişafı” mövzusunda çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi sahəsində misilsiz tarixi xidmətləri və böyük xilaskarlıq missiyasından danışıblar.