ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İDEYALARI DAİM YAŞAYACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyi “Heydər Əliyev fenomenal irsinin gənc nəslin təlim-tərbiyəsində əsas rolu” mövzusunda elmi-praktiki konfrans keçirmişdir.
Tədbirdə Azərbaycanın dövlət himni səsləndikdən sonra dahi şəxsiyyətin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri Xədicə Babayeva bildirmişdir ki, ulu öndərin səyi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunmuş, ölkəmiz beynəlxalq aləmdə demokratik dövlət imici qazanmışdır.
Ulu öndər Heydər Əliyevin ideyaları daim yaşayacaqdır, - deyən X.Babayeva vurğulamışdır ki, gənc nəslin milli ruhda tərbiyə olunmasında dahi şəxsiyyətin müdrik fikirləri böyük məna kəsb edir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyevə və başqalarına dahi şəxsiyyətin 85 illik yubileyi münasibətilə fəxri diplomlar və döş nişanları təqdim olunmuşdur.
Heydər Əliyevin fəaliyyəti barədə ətraflı danışan Rasim Mirzəyev bildirmişdir ki, Azərbaycanın son 30 ildə əldə etdiyi nailiyyətlər dahi şəxsiyyətin adı ilə bağlıdır.
Azərbaycan Dövlət Dəmir Yolu liseyinin nümunəvi şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söyləmişlər.
Tədbirdə mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.