Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
“Azərbaycan Könüllülər” İctimai Birliyi YUNESKO-nun dəstəyi ilə icra olunan “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində Ümumdünya Təmizlik Günündə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçiriblər.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, 250-dən çox könüllünün iştirakı ilə keçirilən aksiya zamanı 2 tona yaxın məişət tullantısı toplanıb.
Tədbirin məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit Proqramı modelini ölkəmizdə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.
Ekoloji aksiyaya, eyni zamanda, Sabunçu Rayon İcra Hakimiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, “SOCAR-KBR” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, “Lets’ do it Azerbaijan”, “TOYOTA Azərbaycan” şirkətləri və “AIESEC Azərbaycan” təşkilatının əməkdaşları qoşulublar.
Qeyd edək ki, “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsinin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik məkanlarını təmiz saxlamaqdır.
Layihə çərçivəsində hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarları təşkil olunub.