ÜMUMŞƏHƏR QAÇIŞ GÜNÜNDƏ MİNƏDƏK BAKILI İŞTİRAK EDİR
Bakı, 26 oktyabr (AZƏRTAC). Oktyabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Böyük Britaniya İdman Şurası (UK Sport) və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Bakıda ümumşəhər qaçış günü ilə bağlı marafon keçirilmişdir.
Yürüşdən əvvəl Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənlər və İdman Baş İdarəsinin nümayəndələri Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. Görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.
İştirakçıların toplaşdıqları 20 nömrəli məktəb - liseyin qarşısı, habelə start, finiş və qaçış məsafələrinin əraziləri bayraq, şüar və emblemlərlə bəzədilmişdi.
Qaçış gününün açılışı mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, dünya və olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə, UK Sportun Azərbaycan üzrə proqram meneceri Mehman Kərimov və digərləri belə tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliğində əhəmiyyətli rolunu vurğulamışlar. Eyni zamanda marafon yürüşü yüngül atletikanın gənclər arasında populyarlaşmasına gətirib çıxaracaqdır. Bildirilmişdir ki, ümumşəhər qaçış günü Azərbaycan və Böyük Britaniya hökumətləri arasında idmanın inkşafına dair imzalanmış anlaşma memorandumuna əsasən həyata keçirilir. Bu cür yarışlar London-2012 Olimpiya Oyunları ərəfəsində “Beynəlxalq idman həyəcanı” proqramının tərkib hissəsidir.
Qeyd edək ki, əsasən 14 və 16 yaşlı oğlan və qızlar arasında keçirilən marafonda minə qədər qaçış həvəskarı 20 nömrəli məktəb - liseyin qarşısından Milli Məclisin binasının yerləşdiyi əraziyə qədər yürüş etmişlər.
Əvvəlcə tanınmış idmançılar, olimpiya və dünya çempionlarının qatıldığı VİP yürüş keçirilmişdir. Daha sonra isə qaçış xəttinə həvəskarlar düzülmüşlər.
Həm oğlanlar, həm də qızlar arasında ilk 10 yeri tutmuş iştirakçılara xüsusi mükafatlar və diplomlar təqdim olunmuşdur.
######
![]() |
![]() |
![]() |


