UN BAZARININ MONİTORİNQİ KEÇİRİLMİŞDİR
Monitorinq zamanı idxal edilən, respublikada istehsal olunan və qablaşdırılan un məhsullarının çəkiləri, keyfiyyəti və xarici tərtibatında istehlakçını çaşdıra biləcək göstəricilər yoxlanılmış və müxtəlif əmtəə nişanlı unlardan nümunələr götürülərək müayinə üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinin Arbitraj Laboratoriyasına göndərilmişdir. Müayinə zamanı kiçik ölçülü kisələrdə qablaşdırılan unların qanun pozuntularına yol verilərək satışa çıxarıldığı aşkar edilmişdir.
Belə ki, “Makfa”, “Smak”, “Pşeniçnaya”, “Oman unu”, “Ərəb unu”, “Russkoe pole”, “Zlato”, “Muka Rossiyanka”, “Muka pşeniçnaya” və “Muka starıy melnik” əmtəə nişanlarından istifadə edilməklə satılan 1, 2 və 4 kiloqramlıq unlar həm idxalçılar, həm də respublika daxilində qablaşdırma ilə məşğul olan şəxslər tərəfindən satışa çıxarılır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, idxal olunan unlarla daxildə qablaşdırılan unlar arasında xeyli fərq vardır. İdxal olunan unların üzərində bütün istehlak göstəriciləri, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, məhsulun standartlara uyğunluğu haqqında məlumatlar tam həcmdə verilmişdir.
Saxta yolla qablaşdırılan unların üzərində isə istehsal ölkəsinin əks edilmədiyi, istehsalçının adının və ünvanının göstərilmədiyi, göstəricilərin xarici dillərdə yazıldığı, standartların tələblərinə cavab vermədən qablaşdırıldığı aşkar edilmişdir. İstehlakçılar bu unların saxtalığını yuxarıda qeyd olunan əlamətlərə görə müəyyən edə bilərlər. Bundan başqa, saxtalaşdırmaqla qablaşdırılan unlar, onların üzərində göstərilən 1, 2 və 4 kiloqramlıq çəkilərə uyğun gəlmir və müvafiq olaraq 50-100, 100-200 və 200-400 qram əskikdir.
İqtisadi İnkişaf Nazirliyinin antiinhisar siyasəti departamenti tərəfindən qanun pozuntusuna yol vermiş şəxslər haqqında qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür. Artıq aşkar olunmuş keyfiyyətsiz unların satışdan çıxarılması barədə ticarət obyektlərinə göstərişlər verilmişdir.
Bununla belə, alıcılara tövsiyə edilir ki, 1, 2 və 4 kiloqramlıq qablaşdırılmış unları satış məntəqələrindən əldə edərkən yuxarıda qeyd olunan əlamətlərə diqqət yetirsinlər.