ELM VƏ TƏHSİL
UNİCEF-in beynəlxalq eksperti Odlar Yurdu Universitetində olmuşdur
Bakı, 11 noyabr (AZƏRTAC). Kanadanın İdman elmləri üzrə fəxri professoru, UNİCEF-in beynəlxalq eksperti Kolin Higgis Odlar Yurdu Universitetində (OYU) olmuşdur.
OYU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin üzvü, OYU-nun prorektoru Salam Əliyev universitetin fəaliyyətindən və dünyanın qabaqcıl universitetləri ilə əlaqələri haqqında məlumat vermişdir.
OYU-nun ibtidai təhsilin pedaqogika və metodikası kafedrasının müdiri Samirə Vəliyeva, Azərbaycan Müəllimlər İnstitutunun mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri Hənifə Qurbanov, Təhsil Nazirliyinin De-İnstitutlaşdırma və uşaqların müdafiəsi idarəsinin əməkdaşı Günay Manafova və UNİCEF-in Azərbaycandakı nümayəndələrinin iştirak etdikləri tədbirdə Uşaq Paralimpiya Komitəsində distant təhsilin keçirilməsi üçün mexanizmin hazırlanması və digər məsələlər müzakirə olunmuşdur.
Sonra K.Higgis universitetdə yaranmaqda olan distant təhsil mexanizmi ilə tanış olmuş, yaradılmış elektron kitabxana haqqında xoş təəssüratlarını bölüşmüşdür.