İQTİSADİYYAT
Ünvan Reyestri İnformasiya Sistemi qurumlarla informasiya mübadiləsinə hazırdır
Bakı, 25 aprel, AZƏRTAC
“Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli müvafiq Fərmanında əks olunan tapşırıqların təmin olunması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) “Elektron hökumət” portalına inteqrasiya edilib.
Portaldan AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin rayonlarının məkan məlumatları: inzibati ərazi vahidləri, poçt indeksləri, bina poliqonları, torpaq parselləri, yol-küçə şəbəkəsinin rəqəmsal xəritələri ÜRİS-ə inteqrasiya olunub. Sistemin mətn və qrafik bazalarına daxil edilmiş qrafiki məlumatlara əsasən, Bakı şəhərində 175 küçə üzrə daşınmaz əmlak obyektlərinə 35 mindən çox giriş və 70 mindən çox daxili ünvan təyin edilərək sistemə daxil edilib. Bu informasiya sistemi təcili tibbi yardım, fövqəladə hallar, poçt və sair xidmətlərin fəaliyyəti zamanı operativliyin təmin edilməsi, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısının alınmasını təmin edəcək.
Qeyd edək ki, bu sistemin yaradılmasında məqsəd ÜRİS ilə digər dövlət orqanlarının malik olduqları informasiya sistemlərinin, inteqrasiyasının müəyyənləşdirilməsi və qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsidir.
Sistemdə daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanmış məlumatlardan “Elektron hökumət” portalına inteqrasiya olunmuş digər qurumlar da istifadə edə bilər. Bu halda ÜRİS-in avtomatlaşdırılmış informasiya təminatından səmərəli və praktiki istifadəsi ilə yanaşı, informasiya təhlükəsizliyi də təmin ediləcək.