Uşaq evinin sakinləri Baba Vəziroğlu ilə görüşüblər
Bakı, 2 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində tanınmış şair Baba Vəziroğlu ilə görüş təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şair uşaqlarla səmimi söhbət edib, onların gündəlik həyatı, maraqları və gələcək planları ilə maraqlanıb. O, həyat yolundan və yaradıcılıq təcrübəsindən danışaraq yeniyetmələrə məqsədlərinə doğru inamla irəliləməyi, zəhmətdən çəkinməməyi tövsiyə edib.
Tədbirdə uşaqlar bacarıqlarını nümayiş etdiriblər. Onlar şairin şeirlərini səsləndirib, müxtəlif rəqs nömrələri təqdim ediblər.
Belə görüşlər uşaqların mənəvi inkişafına dəstək olmaq, onların yaradıcılıq imkanlarını üzə çıxarmaq və cəmiyyətə daha fəal inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.