UŞAQ MUĞAM İFAÇILARININ 3-CÜ RESPUBLİKA MUSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Respublika mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinə dərin maraq və məhəbbətin, eyni zamanda, yüksək dövlət qayğısının olduğunu vurğulayaraq qeyd etdi ki, bir neçə gün əvvəl Heydər Əliyev adına Sarayda Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilmiş muğam konsertində Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva da olmuşdur. Bundan əvvəl isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü və dəstəyi ilə ötən ilin noyabrından start götürmüş “Televiziya muğam müsabiqəsi-2005”-ə yekun vurulmuş, qaliblərin konserti olmuş, onlar mükafatlandırılmışlar.
Uşaq muğam ifaçılarının ənənə halını almış müsabiqəsi də Azərbaycan Prezidentinin muğam sənətimizin qorunub saxlanmasına göstərdiyi diqqətin, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən muğam layihələrinin məntiqi davamı hesab oluna bilər.
Nazir Ə.Qarayev uşaq muğam müsabiqəsinə respublikamızın 59 şəhər və rayonundan 145 şagirdin qatıldığını bildirərək, nüfuzlu muğam ifaçılarından təşkil olunmuş münsiflər heyəti tərəfindən artıq qaliblərin müəyyən edildiyini bildirdi.
Arzu Əliyeva (Bakı) 1-ci, Asim Abbasov (Bərdə) 2-ci, Hakim Həzizadə (Astara) 3-cü, Əsgər Əsgərzadə (Ağdam) 4-cü yerə layiq görüldülər. Onlara Mədəniyyət və Turizm Nazirliyinin diplomları, müvafiq olaraq 500, 300, 250 və 200 manat pul mükafatları təqdim olundu. Beş nəfər iştirakçı həvəsləndirici mükafata və hər biri 100 manat pul mükafatına layiq görüldülər.
Sonra müsabiqənin mükafatlarını qazanan məktəblilərin yekun konserti oldu. Onlar öz ifaları ilə milli sərvətimiz olan muğam sənətimizin zənginliyini, gözəllliyini, dərin hikmətini bir daha tamaşaçılara məharətlə çatdırdılar, bu ölməz musiqi mədəniyyətimizin əbədi yaşayacağına dərin inam yaratdılar.
Gənc muğam ifaçılarının yekun konsertindəki çıxışları hərarətli alqışlarla qarşılandı, onlara gül-çiçək dəstələri təqdim olundu.