Uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri aparılıb
Bakı, 2 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacağında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, tibbi müayinələrin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və vaxtında düzgün müalicə təyin etməkdir.
Onlara TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkim briqadaları - pediatr, terapevt, nevropatoloq, ümumi cərrah və endokrinoloqdan ibarət tibbi heyət tərəfindən müayinə və müalicə təyin edilib. Daha dərin müayinəyə ehtiyacı olan uşaqlar ixtisaslı tibb müəssisələrində müayinədən keçirilib və müalicəyə cəlb olunub. Sığınacaqdakı uşaqlar zəruri dərman preparatları ilə də təmin olunublar.
Eyni zamanda, uşaq sığınacağının sakinlərinə ehtiyaca uyğun olaraq bayram sovqatı, uşaqlara geyim və oyuncaqlar hədiyyə olunub.