Uşaqlar üçün “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim keçirilib
Bakı, 17 noyabr, AZƏRTAC
20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş kampaniya çərçivəsində “Rəqəmsal bacarıqlar və uşaq hüquqları” mövzusunda təlim keçirilib. Təlim BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, 14-18 yaşlarında iştirakçıları əhatə edən təlimlər beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçilib və psixi sağlamlıq, kibertəhlükəsizlik, həyati bacarıqlar, uşaq hüquqları, sosial mediadan düzgün istifadə, şəxsi brendin yaradılması, hədəf kütlə, texniki göstəricilər, hekayə yaratma və digər mövzuları əhatə edib. Təlimin məqsədi yeniyetmələrin internet platformasından və sosial şəbəkələrdən düzgün istifadə bacarıqlarını inkişaf etdirmək, onları uşaq hüquqları haqqında məlumatlandırmaqdır.