CƏMİYYƏT
ÜST başçısı ölkələri koronavirusla bağlı testləşdirməni genişləndirməyə çağırıb
![ÜST başçısı ölkələri koronavirusla bağlı testləşdirməni genişləndirməyə çağırıb](/files/2022/3/1200x630/16667054153650912764_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ölkələri SARS-CoV-2 ilə bağlı testləşdirməni genişləndirməyə və koronavirusun necə təkamül etdiyini daha yaxşı anlamaq üçün onun genomunu sekvenləşdirilməyə çağırıb.
AZƏRTAC-ın verdiyi məlumata görə, ÜST-nin Qərbi-Sakit Okean regional komitəsinin 73-cü sessiyasında çıxış edərək, o vurğulayıb ki, bütün səhiyyə işçiləri və yaşlılar prioritet qaydada peyvənd olunmalıdır. Onun çıxışının mətni təşkilatın mətbuat xidməti tərəfindən Cenevrədə yayılıb.
“Biz bu virusun necə təkamül etdiyini başa düşmək üçün ÜST-yə üzv olan bütün ölkələri virus əleyhinə həyatı xilas edən vasitələrə çıxışı genişləndirməyə, müşahidəni, testləşdirməni və sekvenləşdirilməni gücləndirməyə çağırırıq”, - deyə Tedros Qebreyesus bildirib. O qeyd edib ki, “bütün səhiyyə işçiləri və yaşlıları prioritet qaydada peyvənd etmək” lazımdır”. Bu zaman bütün dövlətlərdə əhalinin ən azı 70 faizinin vaksinlərlə əhatə edilməsinə nail olmaq lazımdır.
ÜST başçısı vurğulayıb ki, iki il yarımdan davam edən koronavirus pandemiyasından sonra bəşəriyyət “tunelin sonunda işıq parıltılarını görməyə başlayır”. O xəbərdarlıq edib ki, irəliyə hərəkət etməyə mane ola bilən hələ çox maneələr var.