CƏMİYYƏT
ÜST-nin ekspertləri meymunçiçəyinin təhlükəlilik dərəcəsini iyulun 18-də yenidən müzakirə edəcəklər
![ÜST-nin ekspertləri meymunçiçəyinin təhlükəlilik dərəcəsini iyulun 18-də yenidən müzakirə edəcəklər](/files/2022/2/1200x630/16571825525873321513_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
Meymunçiçəyi infeksiyasının yayılma miqyası hələ də narahatlıq doğurur. Dünyanın 58 ölkəsində 6 min yoluxma qeydə alınıb.
AZƏRTAC ÜST-nin saytına istinadla xəbər verir ki, ÜST rəhbəri Tedros Gebreyesus bu fikirləri Cenevrədə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, infeksiyanın aşkar etmək hələ də çətindir. Bu səbəbdən, çox ehtimal ki, yoluxma hallarının real sayı daha çoxdur. Hazırda bu xəstəliyin episentri Avropada yerləşir. Yeni yoluxma hallarının 80 faizə qədəri məhz Avropada qeydə alınır.
Əvvəllər meymunçiçəyinin müşahidə olunmadığı Afrika ölkələrində də bu xəstəliyin yayılması davam edir. Xatırladaq ki, iyunun 23-də ÜST-nin Fövqəladə Komitəsi meymunçiçəyinin yayılması hallarını “beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət” adlandırmaqdan imtina edib. ÜST rəhbəri brifinqdə bildirib ki, iyulun 18-də, lazım gələrsə bəlkə daha tez Fövqəladə Komitəni yenidən toplamaq niyyətindədir.
Azərbaycanda meymunçiçəyinə yoluxma halları qeydə alınmayıb. Azərbaycan Səhiyyə Nazirliyinin ÜST-yə müraciətinə əsasən bu günlərdə ÜST ölkəmizə 3000 diaqnostik test gətirib və onları Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.