ÜST qida məhsullarının marketinqi mövzusunda aparılacaq işlərə texniki dəstək göstərib
Bakı, 22 iyun, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qeyri-infeksion Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Avropa üzrə Regional Ofisinin qeyri-sağlam qida məhsullarının marketinqi üzrə missiyası Azərbaycanda səfərdə olub.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, 2 gün davam edən missiyanın əsas məqsədi ölkədə qeyri-sağlam qida məhsullarının marketinqi mövzusunda aparılacaq işlərə texniki dəstək göstərmək olub.
Missiya çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), TƏBİB, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), ADRA, Dövlət Antiinhisar Xidməti, ANDOP, Azərbaycan Kardioloqlar Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iştirak etdiyi dəyirmi masa təşkil olunub. Tədbir zamanı qeyri-sağlam qida məhsullarının TV və rəqəmsal marketinqinin uşaq və yeniyetmələrə təsiri, piylənmədə rolu, marketinq üzrə araşdırmalar və bu sahədə ən yaxşı təcrübələr müzakirə olunub. Tədbirin sonunda bu mövzuda işlərin koordinasiyalı şəkildə görülməsi üçün Milli İşçi Qrupunun yaradılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu işə cəlb olunmasına dair konsensus əldə olunub.
Həmçinin səfər çərçivəsində ekspertlər yerli araşdırmaçılara qida məhsullarının marketinqinin standartlaşmış tədqiqatı barədə təlim keçiblər. Daha sonra yerli araşdırmaçılar ölkə ərazisindəki məlumatları toplayaraq tədqiqat üçün təqdim edəcək.