Üzeyir Hacıbəylinin ev-muzeyində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Üzeyir Hacıbəylinin ev-muzeyində “Üzeyir Hacıbəyli və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən bildirilib.
Muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov, Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəyli irsinə münasibətindən, onun yaradıcılığına olan böyük vurğunluğundan söhbət açıb. Dahi bəstəkarımızın ev-muzeyinin 1975-ci ildə məhz Ümummilli Liderin təşəbbüsü və dəstəyi nəticəsində yaradıldığını qeyd edib. Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəylinin ev-muzeyi respublikamızda yaranan ev-muzeylərinin birincisidir.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru İmruz Əfəndiyeva Ulu Öndərin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı naminə gördüyü çoxşaxəli işlərdən danışıb.
Tədbirdə Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini, aparıcı elmi işçi Aytən İbrahimova, BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Nuranə Zeynalova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə, Ü.Hacıbəylinin ev-muzeyinin əməkdaşı Nurtəkin Səfərova və başqalarının konfransın mövzusuna uyğun çıxışları dinlənilib.
Konfrans iştirakçılarına, həmçinin bəstəkar Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında Oda” əsəri əsasında hazırlanmış videoçarx təqdim edilib.
Ü.Hacıbəyli adına BMA-nın II kurs tələbəsi Hidayət Sadıqbəyli royalda Emil Əfrasiyabın “Üzeyir Hacıbəyli mövzusuna parafraz” kompozisiyasını səsləndirib.
Sonda iştirakçılar “Heydər Əliyev Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında” mövzusunda fotofraqmentlərə tamaşa ediblər.