“Valday”da “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezident İlham Əliyev düz bir ilin tamamında xalqımıza böyük sevinc yaşatdı
Bakı, 4 oktyabr, AZƏRTAC
1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
E.Əhmədov deyib ki, 2019-cu il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlarla ifşa etdi. Dövlət başçısı dünyaya bəyan etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur.
Bunun davamı olaraq, Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı Ermənistanın təcavüzkar siyasətini tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı bəyan etdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.
“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirdi.
Eyni zamanda, Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Ermənistanın təcavüzünə məruz qalıb məcburən köçkün düşmüş azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və xalqımız bütünlüklə Ali Baş Komandanın ətrafında səfərbər olub. Azərbaycan ərazilərin azad olunması uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra yaşayış məntəqələrimizin işgalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb.
Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində hərbi əməliyyatlar nəticəsində uzun illər ərzində düşmən işğalındakı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Murov zirvəsinin azad edilməsi ilə hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu nəzarətə götürülüb.
2020-ci il oktyabrın 3-də isə Suqovuşan (keçmiş Madagiz) kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi Azərbaycan Ordusu üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi azad edilib. Torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş əməliyyatını davam edir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, 1 il əvvəl, yəni 2019-cu il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev “Valday” beynəlxalq toplantısında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verdi. Bununla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha dünyaya bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu qəti şəkildə bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”.
Dövlətimizin başçısının bu bəyanatı böyük əks-səda doğurdu, şüara çevrildi. Bu, bəyanat olmaqla yanaşı, dünyaya, xüsusən də Ermənistana ciddi bir mesaj idi. Azərbaycan Prezidenti İlham Əliyevin bir il əvvəl “Valday” beynəlxalq toplantısında bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi dövlət başçısının prinsipial, birmənalı və qətiyyətli mövqeyi ilə bu gün artıq reallaşır.
Beləliklə, bir il əvvəl oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı bu il oktyabrın 3-də rəsmi Tvitter səhifəsində Madagizin, eləcə də Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin düşməndən azad olunduğunu bildirdi.
Dövlətimizin başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəklədiyini bütün dünyaya bəyan edib. Bu baxımdan, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ var və bundan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən demişdir: “Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.