VAQİF MUSTAFAYEVİN “MİLLİ BOMBA” FİLMİ “YENİ KİNO. XXI ƏSR” KİNOFESTİVALINDA YÜKSƏK MÜKAFAT QAZANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Milli bomba” 14 dövlətin təqdim etdiyi 25 bədii film arasında ən yaxşı ekran əsəri hesab olunmuşdur.
Bundan əlavə, Vaqif Mustafayev kinematoqrafa sanballı töhfəsinə və “Sərhədlərsiz kino” inteqrasiya proqramında roluna görə Rusiya Milli Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının “Qızıl medalı”na da layiq görülmüşdür. Yeri gəlmişkən, bu medal ən yaxşı kinematoqrafçılara ildə yalnız bir dəfə verilir. Beləliklə, Vaqif Mustafayev Rusiya Kinoakademiyasının bu yüksək mükafatını MDB ölkələri nümayəndələri arasında ilk dəfə almış sənətçidir.
Bununla yanaşı, rejissorun ümummilli liderimiz Heydər Əliyevin həyatından bəhs edən və sənətşünaslar tərəfindən böyük maraqla qarşılanan “Əsl məhəbbət haqqında” və “Bir həsədin tarixi” filmlərinin, habelə “Yaxşılığa doğru” filminin retrospektiv nümayişi olmuşdur.
Vaqif Mustafayev sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək vurğulamışdır ki, festival iştirakçılarının ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətinə çox səmimi münasibət göstərməsi xoş təsir bağışladı. Axı, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü olarkən kinematoqrafın inkişafında olduqca böyük rol oynamışdır. Vaqif Mustafayev demişdir: “Bu nailiyyət – belə mötəbər kinofestivalda Qran-pri mükafatını qazanmaq Rusiya ilə ümumi qələbəmizdir. Bu, Azərbaycan milli kinosunun da qələbəsidir. Bu, bütün Azərbaycanın, Azərbaycan milli xarakterinin qələbəsidir və göstərir ki, kino sənəti ənənələrimiz yaşayır və tamaşaçıların qəlbini ram etməyə qadirdir. Milli bayrağımız çox nüfuzlu Avrasiya forumunda bir daha yüksəyə qaldırıldı”.
Festival çərçivəsində “dəyirmi masa”da keçirilmiş, MDB ölkələrinin mədəniyyət xadimləri vahid kinematoqrafiya məkanı yaratmaq ideyasını müzakirə etmişlər. Bundan ötrü işçi qrupu təşkil olunmuşdur. Onun tərkibinə Vaqif Mustafayev də daxildir.
“Milli bomba” filmi həm peşəkar kinematoqrafçılar, həm də tamaşaçılar arasında olduqca böyük uğur qazanmışdır. Onlar həmvətənimizin filmini layiqincə qiymətləndirmişlər.