VERGİ CİNAYƏTLƏRİ İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
İstintaq zamanı müəyyən olunmuşdur ki, 1958-ci il təvəllüdlü Qulu Qasım oğlu Qasımov direktoru olduğu “Ulu Turan” və “Baba” firmalarının, “ASEİ LTD” MMM-in, “Fuad” fərdi firmasının, “Günəş LTD” şirkətinin və “Rəhman” MMC-nin adından vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər haqqında bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, habelə bir sıra hallarda bəyannamə təqdim etməməklə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırmışdır. Bundan başqa, Q.Qasımov Pənah Mirzəyev ilə əlbir olaraq “Fəcir”, “Nəcim”, “Pasiban”, “Sərmayə” və “Xəzər Terminal” MMC-lərin külli miqdarda vergidən yayınmasında iştirak etmişdir.
Beləliklə, Q.Qasımov özünə məxsus müəssisələrdə 3 milyon 463,3 min AZN məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış, P.Mirzəyevə məxsus müəssisələrdə isə 2 milyon 449,7 min AZN məbləğində vergilərin dövlət büdcəsindən yayındırılmasında kömək etmişdir.
Bundan başqa, istintaqla müəyyən olunub ki, Pənah Mirzəyev “Fəcir”, “Nəcim”, “Pasiban” və “Xəzər Terminal” MMC-lərdə 2 milyon 560,9 min AZN məbləğində vergiləri dövlət büdcəsinə ödəməmişdir. P.Mirzəyev Q.Qasımovla əlbir olaraq sonuncunun direktoru olduğu “Rəhman”, “Baba”, “Fuad” firmalarında və “ASEİ LTD” MMM-də, eləcə də Edman Sətulla oğlu İslamov ilə əlbir olaraq sonuncunun direktoru olduğu “Yaqub” firmasında 1 milyon 563,5 min AZN məbləğində vergiləri dövlət büdcəsindən yayındırılmasında iştirak etmişdir.
Cinayət Məcəlləsinin 213.4-cü və 32.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunan Q.Qasımov ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərib ki, ƏDV ödəmədən “qara” bazardan sənədsiz alıb öz müəssisələri adından ayrı-ayrı təşkilatlara satdığı malların alışını, ya özünün digər müəssisələrinin, ya da P.Mirzəyevin firmalarının sənədləri ilə bağlamışdır. Belə ki, o, P.Mirzəyevlə faktiki mal alqı-satqısı həyata keçirmədən yalnız sənəd mübadiləsi aparmışdır. Bundan sonra, Q.Qasımov ƏDV tətbiq etməklə mal satdığı, iş gördüyü təşkilatlardan pulu nağd alaraq, həmin vəsaitin guya “Poçtbank” SİB vasitəsilə alındığını və banka xidmət haqqı ödədiyini rəsmiləşdirmişdir.
CM-in 213.4-cü və 32.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən Pənah Mirzəyev də ona elan olunan ittihamda özünü təqsirli bilib və əməlindən peşman olduğunu bildirmişdir.
Təqsirləndirilən şəxslər – Qulu Qasımov və Pənah Mirzəyevin barəsində olan cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq, Cinayət Prosessual Məcəlləsinin 290-cı maddəsinin tələblərinə əsasən, 2006-cı il aprelin 18-də ittiham aktı ilə birlikdə respublika Baş Prokurorluğuna göndərilmişdir.