VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Parlamentin sədri Oqtay Əsədov demişdir ki, qanuna əsasən büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə müzakirəsindən sonra hökumət verilən təklifləri bir daha nəzərdən keçirməlidir. Bundan sonra parlament həmin qanun layihələrini təsdiqləyəcəkdir.
Sonra büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə demişdir ki, qanun layihəsində 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 70 manat, pensiyaçılar üçün 49,7 manat, uşaqlar üçün 52,4 manat məbləğində nəzərdə tutulmuşdur. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən 35 manat, 2007-ci il iyulun 1-dən isə 40 manat məbləğində müəyyənləşdirilib. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə yaşayış minimumunun məbləği də artırılır. 2005-ci ildə bu rəqəm 52 manat, 2006-cı ildə 58 manat olmuş, gələn il 64 manata, 2010-cu ildə isə 85 manata çatdırılacaqdır.
Növbəti məsələ - “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ilə bağlı vergilər naziri Fazil Məmmədov məlumat vermişdir. O bildirmişdir ki, hər il büdcə daxilolmaları büdcə gəlirlərinin çox böyük hissəsini təşkil edir. Bu daxilolmaların gələn ilin büdcəsinə də böyük təsiri olacaqdır. 2007-ci ildə dövlət büdcəsinə daxilolmaların 70 faizindən çoxu Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. İqtisadiyyatın dinamik inkişafı, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergidən yayınmanın qarşısının alınması məqsədi ilə Vergilər Məcəlləsinə əlavələr və dəyişikliklər edilməlidir. Məcəlləyə 80-dən çox əlavə və dəyişiklik təklif olunur ki, bunların da bir çoxu redaktə xarakterlidir. Əsaslı dəyişikliklər ilk növbədə vergi daxilolmalarının həcminin artırılmasına, vergi nəzarətinin gücləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcəkdir. Vacib dəyişikliklərdən biri də şərti maliyyə vahidindən imtina ilə əlaqədardır. Belə ki, vergi qanunvericiliyinin pozulmasına görə sanksiyaların tətbiqi zamanı cərimələrin məbləği, eləcə də rüsumlar şərti maliyyə vahidi ilə deyil, konkret manatla ifadə olunacaqdır.
Müzakirələr zamanı deputatlar yaşayış minimumunun artırılmasını, Vergi Məcəlləsinə əlavələr və dəyişiklikləri yüksək qiymətləndirmiş, rəy və təkliflərini bildirmişlər.
Sonda vergilər naziri F.Məmmədov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.