VERGİLƏR NAZİRLİYİNİN RƏSMİ İNTERNET SAYTININ WAP VERSİYASI DA İŞƏ SALINMIŞDIR
Dekabrın 5-də bu münasibətlə keçirilən təqdimat mərasimində Vergilər Nazirliyi aparatının rəhbəri Asif Cahangirov və vergi ödəyicilərinə xidmət idarəsinin rəhbəri Elçin Məmmədov çıxış edərək bildirmişlər ki, nazirliyin internet saytına artıq mobil telefonlar vasitəsilə də daxil olmaq mümkündür. Bu, WAP - İnternetdəki informasiya və xidmət resurslarına mobil telefonlar vasitəsilə simsiz qoşulmalar vasitəsilə mümkün olub. WAP texnologiyası istənilən yerdən istənilən zaman internet resurslarına daxil olmaq imkanı verir.
WAP-ın başlıca üstünlüyü ondan ibarətdir ki, internetdən istifadə üçün kompyuter və s. tələb olunmur. Bunun üçün WAP dəstəyi olan mobil telefon kifayət edər ki, bu zaman da informasiya telefonun displeyində göstəriləcəkdir.
WAP resurslar adi səhifələrdən fərqli olaraq xüsusi WML formatında hazırlanır. Bu, mobil telefonların imkanlarına uyğunlaşdırılmış xüsusi proqramlaşdırma dilidir. Adi veb səhifələr həddindən çox informasiya ilə zəngin olub kompyuterin monitorunda izlənmə üçün nəzərdə tutulduğu halda, WAP səhifələr informasiya və digər elementlər (şəkil) cəhətdən xeyli yığcam olmalıdır ki, mobil telefonun kiçik displeyində bu informasiya ilə çətinlik çəkmədən tanış ola bilsinlər.
Vergilər Nazirliyinin rəsmi internet saytının WAP versiyasının ünvanı «taxes.gov.az/wap»-dır. Hələlik internet saytın WAP versiyasındakı bölmələr bunlardan ibarətdir: nazirliyin yaranmasının qısa tarixçəsi, Vergilər Nazirliyinin rəhbərliyi, Mərkəzi Aparatı haqqında informasiya, bəyannamələrin təqdim olunmasının son tarixini göstərən aylıq vergi təqvimi, bəyannamə və vergi ödəyicilərinin uçotuna dair sənəd formaları və onların doldurulma qaydaları, dövlət büdcəsinə vergi və digər ödəmələrin daxil olması haqqında aylıq məlumat, siyahıya alınmış əmlakın satışı və hərracın keçirilməsi, sual-cavab bölməsi. Eyni zamanda, WAP versiyasına ikiqat vergiqoymanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin bağlandığı dövlətlər (tətbiq edilmə tarixi ilə), PSA protokolları, 195 nömrəli telefon xidməti barədə məlumat və vergi orqanlarının əlaqə nömrələri də yerləşdirilmişdir.