ELM VƏ TƏHSİL
Vətən müharibəsi Azərbaycan xalqının tarixinə silinməz səhifələr yazıb










Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, institutun baş direktoru, professor Səyyarə İbadullayeva 2020-ci sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan xalqının tarixinə silinməz səhifələr yazdığını söyləyib. Bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərdi, bir yumruq kimi birləşərək əsl həmrəylik nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, möhkəm iradəsi, uzaqgörən strategiyası, uğurlu xarici-daxili siyasəti nəticəsində xalqımız 44 gün ərzində möhtəşəm qələbə qazandı.
Səyyarə İbadullayeva Qarabağda baş verən son hadisələri vurğulayaraq, Vətən müharibəsinin sonunda qəbul edilən 10 noyabr Bəyanatına əməl etməyən erməni separatçılarını tərk-silah etmək məqsədilə sentyabrın 19-da başlanan antiterror tədbirlərinin növbəti qələbəmizlə başa çatdığını vurğulayıb.
Tədbirdə çıxış edən professor Eldar Novruzov və dosent Rəşad Səlimov 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb.
Tədbir institut əməkdaşlarının II Şəhidlər xiyabanına ziyarəti ilə davam edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə çiçəklər düzülüb, onların yaxınlarına başsağlığı verilib.