Vətən müharibəsində iştirak etmiş müəllimlərə həsr olunmuş tədbir keçirilib
Bakı, 4 noyabr, Həsrət Mahmudova, AZƏRTAC
“İrəli” İctimai Birliyinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birlikdə reallaşdırdığı “Zəfər Forumu: Tarix yazan müəllim” layihəsi çərçivəsində noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tədbir keçirilib.
8 Noyabr - Zəfər Gününə həsr olunmuş forumda bir sıra dövlət və hökumət rəsmiləri, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.
Sonra layihə çərçivəsində hazırlanmış və Vətən müharibəsində iştirak edən məktəb direktorlarının döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov ADPU-nun bu foruma ev sahibliyi etməsinin simvolik məna daşıdığını bildirib. Qeyd edib ki, bir əsrlik müəllimlər ocağı olan bu ali təhsil müəssisəsinin tələbə və məzunları da Zəfər tarixini yazanlar arasında yer alır. Birinci Qarabağ müharibəsində ADPU-nun tələbə və məzunlarından 46 nəfər iştirak edib. Onlardan 29 nəfəri şəhid olub. Vətən müharibəsində isə 183 nəfər tələbə və məzunumuz iştirak edib. Savaşın yeganə xanım şəhidi olan Arəstə Baxışova da daxil olmaqla 12 nəfər şəhidlik zirvəsinə ucalıb.
Təhsil nazirinin müavini Muxtar Məmmədov diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsində təhsil işçiləri də könüllü döyüşlərə qatılaraq, şanlı Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Vətən müharibəsində 760 nəfər təhsil işçisi iştirak edib ki, onlardan 20 nəfəri düşmənə qarşı döyüşlərdə canından keçərək şəhid olub. Müharibədə iştirak edən təhsil işçilərinin əksəriyyəti ADPU-da təhsil alıb və ya burada təhsil alan müəllimlərin yetirmələridir. Təhsil ictimaiyyətinin bundan sonrakı əsas vəzifəsi Zəfəri qoruyacaq və aşılayacaq gəncliyi sağlam ruhda tərbiyə etməkdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu günlərdə xalqımız şanlı müharibədə qazanılan tarixi Qələbənin birinci ildönümünü qeyd etmək üçün hazırlaşır. Vurğulayıb ki, ərazilərimizin işğaldan azad edilməsi üçün ən nüfuzlu beynəlxalq qurumların 30 il ərzində yerinə yetirə bilmədiyini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gündə həyata keçirdi, düşmənə sarsıdıcı zərbə vuraraq əzəli torpaqlarımızı azad etdi. Nazir müavini müharibə günlərində gənclərimizin döyüşən ordunun sıralarında əsl qəhrəmanlıq nümunələri göstərməklə yanaşı, informasiya savaşında da mühüm missiyanı həyata keçirdiklərini bildirib.
İ.Babayev Qələbənin qazanılmasında Azərbaycanın təhsil işçilərinin də rolunu xüsusi qeyd edərək, “İrəli” İctimai Birliyinin də gənclərin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində müxtəlif layihələr həyata keçirdiyini deyib.
Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov bildirib ki, təkcə cari ildə “İrəli” İctimai Birliyinin gənclərin hərbi vətənpərvərlik ruhunda inkişafı ilə bağlı birgə əməkdaşlıq şəraitində bir sıra layihələr reallaşdırdığını deyib. Vətən müharibəsində iştirak etmiş müəllimlərə minnətdarlığını bildirən F.Məmmədov Zəfər tariximizin, haqlı savaşımızdakı qəhrəmanlıq irsinin gənclərimizə təbliği işində onlara uğurlar arzulayıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov “İrəli” İctimai Birliyinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən layihələrin Vətən müharibəsində Ordumuzun qəhrəmanlığının, xalqımızın sarsılmaz iradəsinin təbliğinə töhfə verdiyini bildirib.
“İrəli” İctimai Birliyinin sədri, Vətən müharibəsinin iştirakçısı Şahin Rəhmanlı bildirib ki, rəhbərlik etdiyi təşkilatın ölkə gəncliyində Vətənə sədaqət məfkurəsinin formalaşdırılması və inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirdiyini qeyd edib. O bildirib ki, İctimai Birlik son illərdə bu istiqamətdə “Marş İrəli”, “Gənclər Kuboku: Hərb oyunları”, “Virtual məkanda Azərbaycan”, “YayFest: Vətənpərvərlik düşərgəsi” və digər genişmiqyaslı layihələr reallaşdırıb. Bu layihələrə qatılan gənclərin bir qismi Vətən müharibəsində də iştirak edərək qəhrəmanlıq nümunələri göstəriblər.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə çıxışında Azərbaycana Qələbə sevinci bəxş etmiş əsgər və zabitlərimizin yüksək əhvali-ruhiyyəsinin, vətənpərvərliyinin Azərbaycan ailəsinin, o cümlədən orta və ali məktəb müəllimlərimizin əməyinin nəticəsi olduğunu vurğulayıb. O, rəhbəri olduğu təşkilatın gənc müəllimlər üçün davamlı öyrənmə imkanlarının yaradılması, müsbət gənc müəllim imicinin formalaşdırılması və bu imicin təbliği işinə töhfə vermək üçün əzmlə çalışdığını bildirib. Assosiasiyanın sədri “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq şəraitində bundan sonra da gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi istiqamətində müxtəlif layihələrin reallaşdırılmasında maraqlı olduqlarını qeyd edib.