“Vətənim Azərbaycan” qiraət müsabiqəsinin birinci mərhələsi yekunlaşıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (МЕК), Azərbaycanda Atatürk Mərkəzinin təşkilati dəstəyi, “Müasir İnkişaf” İctimai Birliyinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin razılığı ilə paytaxtın orta məktəb şagirdləri arasında keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Vətənim Azərbaycan” mövzusunda qiraət müsabiqəsinin birinci mərhələsi başa çatıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, 2017-ci il iyulun 10-dan cari il aprelin 1-dək davam edən müsabiqənin birinci mərhələsində şagirdlər təşkilat komitəsi tərəfindən mövzuya uyğun seçilən şeirlərdən birini söyləyərək videoçəkilişini müsabiqəyə təqdim ediblər.
Müsabiqəyə Bakının yüz məktəbindən 252 müraciət daxil olub. Təqdim olunan videofayllara hazırda Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun sədrlik etdiyi münsiflər heyəti tərəfindən baxış keçirilir. Müsabiqənin ikinci mərhələsi mayın 14-də bitəcək. Münsiflərin qiymətləndirməsində uğur qazanan iyirmi şagird mayın 15-dən 20-dək keçiriləcək və iştirakçıların da qatılacaqları üçüncü mərhələyə dəvət olunacaqlar. Şagirdlərin canlı ifası münsiflər tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.
Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə videokamera, planşet və fotokamera hədiyyə olunacaq. Eyni zamanda, ilk on yerin qalibinə fəxri fərman, kitab və digər həvəsləndirici hədiyyələr təqdim ediləcək.