ELM VƏ TƏHSİL
“Vikipediya”da məqalələrin yaradılması prosesi davam edir
Bakı, 16 fevral, AZƏRTAC
“Vikipediya”nın Azərbaycan və xarici dili bölmələrində məqalələrin yaradılması və yeni faktlarla zənginləşdirilməsi səmərəli şəkildə davam etməkdədir.
AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin bilavasitə iştirakı və təşəbbüsü ilə “Vikipediya”da bu günlərdə ümumilikdə 6 kateqoriyada 55 məqalə yaradılıb. Bunlardan 28 məqalə ana dilimizdə, 27 məqalə xarici dillərdə (6 ingilis, 2 alman, 12 türk, 7 rus) zənginləşdirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Məqalələr Azərbaycanın görkəmli şəxsiyyətləri, maddi-mənəvi memarlıq abidələri və başqa mövzular ətrafındadır. Könüllü qruplar tərəfindən məqalələrin “Vikipediya”nın xarici dil bölmələrində yaradılması diqqətdə saxlanılır. Məqsəd ölkəmiz haqqında xarici oxucuları məlumatlarla təmin etməkdir.
Onu qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun könüllü “Vikipediya” qrupunun əməkdaşı Fidan Hacalıyeva Qasım bəy Zakirin “Vikipediya”da mövcud olan məqaləsini əsaslı redaktə edərək zənginləşdirib.