SİYASƏT
Volkan Bozkır: Azərbaycan kimi güclü bir dövlətin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizi çox sevindirir
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycan kimi güclü bir dövlətin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizi çox sevindirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 21-də Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır demişdir.
Özünü Azərbaycanda vətənindəki kimi hiss etdiyini vurğulayan V.Bozkır qeyd etmişdir ki, səfərin məqsədi iki dost və qardaş ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və digər məsələlərlə bağlı məsləhətləşmələr aparmaqdır.
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən komitə sədri demişdir ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması həm də strateji müttəfiqliyin yüksəkliyi deməkdir. Biz bu dostluq münasibətlərini inkişaf etdirmək üçün Azərbaycan gəlmişik.
Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən fərəh hissi keçirdiklərini vurğulayan V.Bozkır qeyd etmişdir ki, dünyada siyasi dəyişikliklərin, iqtisadi böhranların olduğu bir vaxtda Azərbaycan kimi güclü bir dövlətin bu mötəbər quruma seçilməsi bizi çox sevindirir. Bakıya səfəri çərçivəsində BMT-nin Təhlükəsizlik Şurasında ata biləcəyimiz birgə addımları, həyata keçirilməsi vacib layihələri müzakirə edəcəyik.