Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO









Şuşa, 30 may, AZƏRTAC
Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhəri bu gün 15 ailəyə qucaq açıb və daha 57 şuşalının yurd həsrəti bitib.
Otuz iki ildən sonra yenidən Şuşaya qədəm qoyan ailələrə açarların təqdim edilməsi mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Qeyd edək ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.
13:27
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 15 ailə olmaqla, 57 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.