Xaçmazda kros qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb
Xaçmaz, 30 may, Elxan Yusifli, AZƏRTAC
Atletika idman növü üzrə Bakı şəhər və regional gənclər və idman idarələrinin əməkdaşları arasında keçirilən kros qaçışı üzrə yarışın qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kros qaçışında Bakı şəhər və regional gənclər və idman idarələrindən 51 əməkdaş mübarizə aparıb.
Gənclər və İdman Nazirliyinin 30 illik yubileyinə həsr edilmiş və “Quba - İdman Paytaxtı 2024” çərçivəsində keçirilən yarış Xaçmaz rayonunun Tel bulağı ərazisində təşkil olunub.
Yarışdan əvvəl Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirakçılara uğurlar arzulayıb, Samur-Yalama Milli Parkının direktoru Aqşin Qurbanov isə park haqqında ətraflı məlumat verib.
Çıxışlardan sonra kros qaçışa start verilib.
Yarışın nəticələrinə əsasən, qadınlar arasında I yeri Gülbəniz Dadaşzadə, II yeri Nazpəri Məmmədzadə, III yeri isə Səma Babayeva qazanıb.
Kişilər arasında isə Nahid Abuşov, Rəhman Aslanov və Elmir Şərifov müvafiq olaraq ilk 3 yerin qalibi olublar.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən atletika idman növü üzrə Bakı şəhər və regional gənclər və idman idarələrinin əməkdaşları arasında kros qaçışı yarışının qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.