CƏMİYYƏT
“World Vision International” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin 20 illik yubileyi qeyd edilib
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Bakıdakı diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri tədbirdə “World Vision International” beynəlxalq humanitar təşkilatının Azərbaycan üzrə proqram direktoru Giorgi Devidze qurumun fəaliyyətindən danışıb. Qeyd edib ki, “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi 1994-cü ildən fəaliyyət göstərir və bu müddət ərzində müxtəlif layihələr həyata keçirib. Təşkilatın ilkin fəaliyyəti torpaqlarının işğalı nəticəsində doğma yerlərini tərk etmiş məcburi köçkün və qaçqınlara BMT-nin Ümumdünya Ərzaq Proqramının ərzaq yardımı ilə başlayıb. Hazırda qurum sığınacaqların tikilməsi və bərpası, icmaların təşkilatlanması, mikromaliyyə, inkluziv təhsil və digər inkişafyönümlü layihələr həyata keçirir.
Tədbirdə təşkilatın Azərbaycanda 20 ildə gördüyü işləri əks etdirən film nümayiş etdirilib.
Təşkilatın Cənubi Qafqaz üzrə regional ofisinin rəhbəri Hans Bederski qurumun yeni planları və məqsədləri barədə söz açıb.
Yubiley tədbirində beynəlxalq humanitar təşkilat adından uğurlu əməkdaşlıq və dəstək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə təşəkkür lövhələri təqdim olunub.
Nazirlər Kabineti Aparatının sektor müdiri Ramin Talıblı “Dünyaya baxış” təşkilatının ölkəmizdəki nümayəndəliyinin Azərbaycan cəmiyyətinin rifahı üçün çalışdığını bildirib. O, nəzərdə tutulan layihələrin reallaşması üçün Azərbaycan hökuməti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.
Digər çıxış edənlər də qurumun əməkdaşlarına yubiley münasibətilə təbriklərini çatdırıblar və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Yasamal İcma Əsaslı Reabilitasiya Mərkəzinin nəzdindəki əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.