Xaçmazda Anım Günü ilə əlaqədar ehsan süfrəsi açılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə 550 nəfərlik ehsan mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ehsan mərasimindən əvvəl Milli Məclisin deputatı Ağalar Vəliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 2016-cı il Aprel döyüşlərində şəhid olmuş 3, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qəhrəmancasına canından keçmiş 21 və antiterror əməliyyatında şəhidlik zirvəsinə yüksəlmiş 4 xaçmazlı hərbçinin ailələri ilə görüşüblər.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu ehtiramla yad olunub, şəhid ailələrinin məişət qayğıları və problemləri dinlənilib.
Sonra rayonda ehsan süfrəsi açılıb. Mərasimdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, əziz ruhlarına dualar oxunub.
Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbənin yaratdığı yeni reallıqlar fonunda öz inkişafının ən qüdrətli mərhələsini yaşayır. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, 2023-cü ildə qısamüddətli antiterror əməliyyatının uğurla başa çatması nəticəsində dövlət suverenliyinin bütün ərazilərimizdə tam bərpa olunması, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas amillər kimi dəyərləndirilib.
Vurğulanıb ki, ölkəmizdə şəhid ailələrinin, qazilərin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu kateqoriyadan olan vətəndaşlar dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə edilir, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edək ki, ehsan süfrəsi 57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə açılıb.