Xaçmazda bir qrup ədliyyə işçisinə fəxri fərmanlar təqdim olunub
Xaçmaz, 22 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
İcra başçısı qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.
Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyev insan hüquqlarının etibarlı təminatı və ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Çıxış edən digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri ədliyyə işçilərini təbrik edib, işlərində uğurlar arzulayıblar.
Sonda bir qrup ədliyyə işçisinə fəxri fərmanlar təqdim olunub.