Xaçmazda ildə 6600 ton quş əti istehsal etmək gücünə malik yeni kompleks yaradılır
Xaçmaz, 18 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Çarxı kəndində 30 hektara yaxın ərazidə illik 14 min ton hazır yem, 6 min 600 ton quş əti istehsal etmək gücünə malik yeni quşçuluq kompleksinin yaradılmasına başlanılıb. Bu kompleksin fəaliyyətə başlaması yerli istehsalı genişləndirməklə yanaşı, 240 nəfərin məşğulluğunu da təmin edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə aprelin 18-də Xaçmazda 2018-ci ilin ilk üç ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Yığıncaqdan əvvəl rayon rəhbərliyi Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək düzüb.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məruzə ilə çıxış edərək, hesabat dövründə rayonda böyükhəcmli tikinti-quruculuq və abadlıq işləri görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, dövlətimizin başçısının göstərişinə əsasən Xaçmaz rayonunun turizm zonasında yerləşən 19 kəndinin qazlaşdırılması layihəsi uğurla icra olunur. Artıq Nabran, Şimali, Günəşli, Aşağıoba, Xuray, Vələmir, Pərdiqıran, Qaracikzeyid, Aslanoba kəndlərində abonentlərə ilk dəfə təbii qazın verilməsinə başlanılıb. Bununla da Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 101-ə, rayon üzrə qazdan istifadə edən abonentlərin sayı isə 34 min 950-yə çatdırılıb ki, bu da rayon əhalisinin 83 faizini təşkil edir.
Məruzədə qeyd olunub ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Layihəyə əsasən rayon ərazisində 153 kilometr su və 151 kilometr kanalizasiya xətləri çəkilib. Hazırda layihə üzrə son tamamlama işləri - sayğaclaşdırma, test-sınaq, qazılmış küçə və yolların bərpası işləri həyata keçirilir. Eyni zamanda, şəhərin Bakı prospektində “Azərsu” ASC-nin Xaçmaz regional idarəsinin ikimərtəbəli inzibati binasının tikintisi başa çatmaq üzrədir.
Prezident İlham Əliyevin göstərişi ilə bölgələrimizdə xalçaçılığın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Xaçmaz rayonunda da xalça istehsalı müəssisəsi yaradılıb. Rayonun Qaradaq Buduq kəndi ərazisində “Azərxalça” ASC-nin Xaçmaz filialı üçün yeni binanın tikintisi başa çatdırılıb. Yaxın vaxtda istifadəyə verilməsi nəzərdə tutulan müəssisədə 100 nəfərdən çox qadın işlə təmin olunacaq. Ümumiyyətlə, hesabat dövründə görülmüş işlər nəticəsində rayonda 264 yeni iş yeri açılıb ki, bunların da 249-u daimidir.
Bildirilib ki, dövlətimizin başçısının tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 29 kilometr uzunluğunda Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun tikintisinə başlanılıb. Bununla yanaşı, uzun müddət əsaslı təmir olunmayan Xaçmaz-Quba və Xaçmaz-Xudat avtomobil yollarının yenidən qurulması işləri də aparılır. Hər iki yol yaxın vaxtlarda istifadəyə veriləcək.
Xaçmaz şəhərində 11 beşmərtəbəli və 3 ikimərtəbəli yaşayış binasının dam örtükləri, fasadları və daxili kanalizasiya xətlərində təmir işləri aparılıb.
Hesabat dövründə məktəb binalarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Cari tədris ilində rayonun Aşağı Ləgər (56 yerlik) və Gəncəli (56 yerlik), kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. 2018-ci ilin əvvəlindən isə Bayoba (96 yerlik) və Çılğır (80 yerlik) kəndlərində modul tipli məktəblərin açılışı həyata keçirilib. Hazırda Əzizli kəndində 20 yerlik məktəb quraşdırılır. Bununla yanaşı, Xaçmaz şəhər 5 saylı tam orta məktəbi üçün yeni binanın tikintisi, Alıcqışlaq, Qaracəlli, Cığatay və Ərəb kəndlərində, ümumilikdə, 288 şagird yerlik 4 modul tipli məktəbin quraşdırılması məqsədilə müvafiq işlər görülür.
Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Eldəniz Səlimov hesabat yığıncağında çıxış ediblər. Çıxışlarda Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.