Xaçmazda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xaçmaz, 25 fevral, Elxan Yusifli, AZƏRTAC
Erməni quldurlarının qanına qəltan etdiyi soydaşlarımızın qisası müzəffər Ordumuzun şanlı Qələbəsi sayəsində alınıb. Artıq torpaqlarımız azad, qayıdışımız əbədidir.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu fikir Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi və Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin birgə təşkil etdikləri "Əbədi qayıdış" adlı tədbirdə söylənilib.
Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbirdə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatları iştirakçıları, Xaçmaz Rayon İcra Hakimiyyətinin, ictimai birliklərin və təşkilatçı qurumların əməkdaşları, təhsil işçiləri, məktəblilər iştirak ediblər.
Məruzələr səsləndirilib, bu acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, indi erməni cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarılıb və şəhidlərimizin qisası yerdə qalmayıb.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında film nümayiş olunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.