Xaçmazın avtomobil yollarına müasir işıqforlar quraşdırılır VİDEO
Xaçmaz, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunda avtomobil yollarına yeni işıqforlar və yol nişanları quraşdırılır.
AZƏRTAC xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi tərəfindən Quba və Qusardan sonra Xaçmaz rayonunda da müasir işıqforların quraşdırılmasına başlanılıb.
Dörd metr hündürlüyündə olan 20 ədəd müasir işıqfor şəhərin Heydər Əliyev prospektində, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov küçələrində, eləcə də Xudat şəhərində quraşdırılıb.
Yüngül konstruksiyalı bu qurğular hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini tez cəlb edir. Önündə iritutumlu nəqliyyat vasitəsi dursa belə, digər avtomobillərin işıqforu görməsi məhdudlaşmır.
İşıqforların quraşdırılması ilə yanaşı, yeni salınan küçə və prospektlərdə yol nişanları da qoyulur. Həmçinin yararsız nişanlar yeniləri ilə əvəzlənir.
Xaçmazda işlər başa çatdıqdan sonra Şabran rayonunda yeni işıqfor və yol nişanlarının quraşdırılmasına başlanılacaq.