Xaçmazlı gənclər Hərbi Qənimətlər Parkında qürurverici hisslər yaşayıblar
Xaçmaz, 23 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazdan olan bir qrup fəal gənc və Vətən müharibəsi iştirakçıları Hərbi Qənimətlər Parkı və II Fəxri xiyabanı ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi səfər gənclərə müharibənin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı yaradıb.
Hərbi Qənimətlər Parkında 44 günlük Vətən müharibəsində düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi texnika, atıcı silahlarla tanışlıq gənclərə qürurverici hisslər yaşadıb.
Diqqətə çatdırılıb ki, Hərbi Qənimətlər Parkında düşməndən qənimət götürülən hərbi texnikanın bir hissəsi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir.
Sonra gənclər II Fəxri xiyabanı ziyarət edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən, erməni işğalçıları ilə döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.