Xalis karbohidratlar insanın psixi sağlamlığına təsir göstərə bilər
Bakı, 10 avqust, AZƏRTAC
İnsanın qida rasionunda zülalların, yağların və karbohidratların miqdarı tarazlaşdırılmış olmalıdır. Karbohidratlar “çevik” və “ləng” olur. “Çevik” karbohidratlar (şokolad, bişinti, ağ çörək) orqanizm üçün zəruridir. Onlar ani olaraq həyat enerjisi ehtiyatı verir, qısa müddətdə qana sorulur, qanın tərkibində yüksək konsentrasiyalı qlükoza yaradır. Lakin bərk buğda növlərindən hazırlanan sıyıqların tərkibindəki “ləng” karbohidratları da unutmaq olmaz. Onlar qlükozanın qana tədricən daxil olmasını təmin edən “enerji deposu” yaradırlar.
AZƏRTAC “The Daily Mail” nəşrinə istinadla xəbər verir ki, alimlərin fikrincə, ağ çörəyin və düyünün tərkibindəki xalis karbohidratlar insanın psixi sağlamlığına təsir göstərə bilər. Tədqiqatçılar postmenopauza dövründə 70 min qadının səhhəti barədə informasiyanın təhlili əsasında aşkar ediblər ki, “çevik” karbohidratların artıqlığı depressiyanın inkişaf etməsi ehtimalını artırır.
Onu da qeyd edək ki, həkimlər tez-tez qida məhsullarının 100 ballıq qlikemik indeksindən istifadə edirlər. Bu sistemdə qida məhsulu nə qədər səylə emal edilmiş və tezliklə həzm edilmək üçün nə qədər münasib olarsa, həmin məhsulun qlikemik indeksi bir o qədər yüksəkdir.