Xalq artisti, tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert təşkil ediləcək
Bakı, 25 noyabr, AZƏRTAC
Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblı (bədii rəhbər Möhlət Müslümov, tar ifaçıları Vamiq Məmmədəliyev, Ramiz Quliyev, Sahib Paşazadə və saksafon ifaçısı Rafiq Seyidzadə) çıxış edəcək.
Görkəmli tarzən Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.
Qeyd edək ki, Prezident İlham Əliyev Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.