XALQ RƏSSAMI LƏTİF KƏRİMOVUN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-YARADICILIQ KONFRANSI KEÇİRİLMİŞDİR
Müəllim və tələbələrin, elmi işçilərin, yubilyarın qohum və dostlarının iştirakı ilə keçirilən tədbiri universitetin rektoru, professor Timuçin Əfəndiyev açaraq Lətif Kərimov yaradıcılığının xalqımızın maddi və mənəvi mədəniyyəti ilə yaxından bağlılığından, qədim naxışların xalçaçılıqda bərpasında onun xidmətlərindən ətraflı danışmışdır. Bildirmişdir ki, Azərbaycan xalçalarının təbliğində və beynəlxalq aləmdə tanınmasında, onların adının özünə qaytarılmasında L.Kərimovun rolu böyük olmuşdur.
Sənətşünaslıq doktoru Kübra Əliyevanın məruzəsində, sənətşünaslıq namizədləri Sevil Sadıqovanın və Aygün Hüseynovanın, birinci kurs tələbəsi Aygün Rzayevanın çıxışlarında vurğulanmışdır ki, Şuşada doğulan sənətkarın yaradıcılığı dərindən öyrənilir, onun yolu tələbələri tərəfindən uğurla davam etdirilir.
Tədbirdə həmkarları və dostları sənətkarı təkcə görkəmli xalçaçı rəssam kimi deyil, eyni zamanda ədəbiyyatı və incəsənəti dərindən bilən alim kimi dəyərləndirmiş, L.Kərimovun insani keyfiyyətləri barədə xatirələrini söyləmişlər.
İştirakçılara Lətif Kərimovun həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Axırda Pərviş xanım ailələri adından atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.