XALQ RƏSSAMININ YUBİLEY SƏRGİSİ
Rəssamın anadan olmasının 80 illiyinə həsr olunmuş sərgidə onun boyakarlıq janrında 40-dan artıq işi nümayiş etdirilir.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları sərginin açılışına həsr olunmuş mərasimdə çıxış edərək C.Rüstəmovun Azərbaycan təsviri sənətindəki mövqeyindən danışmışlar.
Qeyd olunmuşdur ki, rəssamın ilk müstəqil işləri İkinci Dünya müharibəsindən sonrakı dövrə - Azərbaycanda xalq təsərrüfatının bərpası illərinə aiddir. Onun “Qəhrəmanın qarşılanması”, “Axırıncı alman”, “Pambıq yığımı” kimi əsərlərində gənc rəssamın fikir müstəqilliyi aydın hiss olunurdu. Ötən əsrin 60-cı illərində C.Rüstəmovun yaradıcılığı daha məhsuldar mərhələyə qədəm qoymuşdur. Azərbaycanın müxtəlif guşələrinə, xarici ölkələrə səfərləri onun yaradıcılığına böyük təkan vermişdir. Son 20 ildə onun bir çox tabloları müxtəlif xarici ölkələrdəki beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir.
Natiqlər rəssamı yubiley münasibətilə təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışlar.
Rəssam Elşad Rüstəmov atasının yaradıcılığına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sərgi iyunun 20-dək davam edəcəkdir.