Xalqın rifahının yüksəldilməsi dövlətimiz üçün prioritet məsələdir
Bakı, 30 oktyabr, AZƏRTAC
Bir dövlətin strukturu uğurlu daxili və xarici siyasət üzərində qurulur. Hər iki sahədə sütunu möhkəm olan dövlət sağlam dövlət hesab edilir. Azərbaycan da belə dövlətlər sırasındadır. Çünki həm xarici, həm də daxili sütunlarını balanslaşdırıb. Ölkəmizin xarici nüfuzu 2020-ci ildən əvvəlki illərə nisbətən 10 qat artıb. Əlbəttə, buna səbəb ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan uğurlu siyasət olub.
Bir dövlətin beynəlxalq səviyyədə tanınması onun apardığı uğurlu xarici siyasətdən asılıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı bu uğurlu siyasət davamlı xarakter alıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elman Vəliyev söyləyib.
Siyasi ekspert bildirib ki, xarici siyasətlə yanaşı, daxili siyasəti də uzlaşdırmaq Azərbaycanın əsas prioritetlərindəndir. Çünki xarici siyasəti gücləndirib daxilə önəm verməmək səmərəsiz ola bilər. Azərbaycan hər ikisini paralel aparmaq iqtidarındadır ki, dövlətimiz bu istiqamətdə bütün səylərini səfərbər edib.
O qeyd edib ki, Azərbaycan 1991-ci ildən, yəni, müstəqilliyini bərpa etdikdən bu günədək çoxsaylı sosial islahatlar həyata keçirib. Əlbəttə, bunun başlıca məqsədi əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Sosial islahatların təməlini qoyan Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Prezidentinin sosial sahədə əsas götürdüyü prinsip dayanıqlı iqtisadi inkişafdır. Ulu Öndər 1997 və 2001-ci illərdə pensiya sahəsinə aid qəbul etdiyi normativ-hüquqi aktlar cəmiyyətin aşağı təbəqəsinin yaşayışının yaxşılaşdırılmasına böyük təsir göstərdi. Prezident İlham Əliyevin dövründə isə sosial islahatlar daha geniş miqyas aldı. Sosial müavinətlər, təqaüdlər, əlillik dərəcəsinə malik insanlar üçün ayrılan vəsaitlər əhalinin həssas təbəqəsinin yaşayışına olduqca müsbət təsiri oldu.
“Son bir neçə ildə əhalinin rifahının yaxşılaşdırılması üçün imzalanan fərman, sərəncam, qanun və sair normativ-hüquqi aktların sayı 900-ə yaxındır. Aparılan islahatların dayanıqlılığını biz haradan görürük? Əvvəla, bunu Vətən müharibəsində gördük. Müharibədən yeni çıxmasına, COVID-19 pandemiyası ilə mübarizə aparmasına baxmayaraq, ölkəmizdə hər hansı bir sosial çətinlik yaşanmadı. Əksinə, Prezident İlham Əliyev bu il oktyabrın 16-da ölkəmizdə həssas təbəqədən olan insanların sosial rifahının yaxşılaşdırılması məqsədilə növbəti Sərəncamı imzaladı. Sərəncam 1 milyon 800 min nəfəri əhatə edəcək. Bu Sərəncama əsasən, aztəminatlı ailələrə yardımlar ediləcək, kommunal sahədə güzəştlər olunacaq, maaşlar, təqaüdlər, müavinətlər artırılacaq. Əminik ki, belə sərəncamlar davamlı olacaq. Çünki xalqın rifahının yüksəldilməsi dövlətimiz üçün prioritet məsələdir”,- deyən Elman Vəliyev fikirlərini yekunlaşdırıb.