Xan Şuşinskinin 120 illiyinə həsr edilmiş onlayn tədbir keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinskinin 120 illiyi ilə əlaqədar onlayn tədbir təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri Yasamal rayon MKS-in direktoru Lətifə Məmmədova açaraq, Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olan Xan Şuşinskinin ömür yolu və yaradıcılıq fəaliyyətindən bəhs edib.
Kitabxananın böyük metodisti İradə Hüseynova Xan Şuşinskinin şəxsi ustalığı, faydalı sənət axtarışları hesabına “Segah” muğamının əvvəlinə “Manəndi-müxalif” şöbəsini əlavə edərək, muğamı daha təsirli, həcmli və dramatik səsləndirməklə, ifaçıya öz istedad və bacarığını ifadə etmək üçün daha geniş imkan yaratdığını söyləyib. O, tədbirdə Səməd Vurğunun “Azərbaycan” şeirini də səsləndirib.
Tədbirdə yazıçı-publisist Şahlar Şuşalı, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin rəhbəri Tofiq Əlizadə, tanınmış kitabxanaçı Tahir Sadıqov, 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova və Mərkəzi Kitabxananın əməkdaşları görkəmli xanəndənin yaradıcılığından danışıblar. Qeyd edilib ki, Xan Şuşinski xalq yaradıcılığından qidalanan xanəndə olmaqla yanaşı, xalq musiqi xəzinəsinin nadir inciləri olan nəğmələrin füsunkar ifaçısı kimi bir çox el sözlərinə, aşıq və şairlərin lirik şeirlərinə incə nəğmələr də qoşub.
Tədbirin sonunda böyük xanəndənin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva çıxış edib. O, atası haqqında xatirələrini bölüşüb, maraqlı epizodları xatırladıb.
Tədbirin iştirakçıları Xızı rayon MKS-in direktoru Ayşən Əliyeva, Ağcabədi rayon MKS-in direktoru Məhəbbət Əliyeva, Ucar rayon MKS-in direktoru Bəsirə Abbasova, Binəqədi rayon MKS-in şöbə müdiri Şəfiqə Ağayeva görkəmli xanəndə Xan Şuşinskinin Vətən və xalq qarşısında təmənnasız xidmətləri, nümunəvi fəaliyyəti, böyük sənətkarlıq bacarığı və onun yaratdığı ölməz sənət əsərlərinin Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacağı haqqında çıxış ediblər.
Tədbirdə 239 nömrəli tam orta məktəbin şagirdi Kərim Cəlilov “Qarabağ şikəstəsi” muğamını, “Qarabağ Azərbaycandır” mahnısını və Məhəmməd Məmmədov isə “Segah” muğamını səsləndiriblər.